Cari ilin 1 may tarixində Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin “Ədəbi məclislər” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar İttifaqında Bakı məktəbləri şagirdlərinin yaradıcı ictimaiyyət nümayəndələri ilə görüşü keçirildi. Görüş sovet və Rusiya yazıçısı-fantastı Yevgeni Voyskunskinin anadan olmasının 95 illik yubileyinə həsr olunmuşdur. O, Bakıda anadan olub, İsay Lukodyanovla müştərək yazdığı “Mekonq” ekipajı”, “Çox uzaq Tartess” və s. kimi əsərləri ilə məşhurdu.

Azərbaycan Yazıçılar İttifaqının üzvü Aleksandr Xakimov və Lomonosov adına Moskva Dövlət Universitetinin filialının Psixologiya fakültəsinin müəllimi Olqa Arestova Rusiya Yazıçılar Birliyinin və Struqatski qardaşları Fondunun təbrik məktublarını səsləndirdilər.

Görüşdə iştirak edən yazıçının oğlu Aleksandr Voyskunski çıxış etdi. Həmçinin Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təhsil proqramları koordinatoru Natiq Əliyev, “Skay” jurnalının redaktoru Əkbər Əliyev, yazıçı-fantast Rüstəm Hüseynov, tədqiqatçı-ölkəşünas Fuad Axundov, yazıçı Marat Şəfiyev çıxış etdilər.

Görüşdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialının prorektoru Azad Tağızadə və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak etdilər.